Minimum əməkhaqqı bu qədər arta bilər

    Kateqoriya: Cəmiyyət Tarix: 25-04-2026, 11:10 Baxılıb: 4

     

    Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Xüsusilə, bu göstəricinin orta aylıq əməkhaqqına nisbətinin beynəlxalq praktikaya uyğun olaraq 55–60 faizə çatdırılması ilə bağlı müzakirələr genişlənir.

    Bəs minimum əməkhaqqının artırılması real gəlirləri nə dərəcədə yüksəldəcək və bu proses iqtisadiyyata hansı təsirləri verə bilər?

    Xeberal.com xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə təxminən 1100 manat səviyyəsindədir.

    “Minimum əməkhaqqının orta maaşa nisbətinin 55–60 faiz olması beynəlxalq praktikada geniş yayılıb və bu göstəriciyə çatmaq aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdıra bilər. Minimum əməkhaqqının artırılması eyni zamanda gəlirlərin şəffaflaşmasına da təkan verəcək. Belə ki, bəzi hallarda işçilərə faktiki olaraq daha yüksək maaş ödənilsə də, bunun yalnız bir hissəsi rəsmi şəkildə göstərilir. Bu isə həm vergi itkisinə, həm də işçinin sosial təminat hüquqlarının zəifləməsinə səbəb olur.

    Hazırda elə hallar var ki, işçiyə 700–800 manat maaş verilir, lakin bunun yalnız 400 manatı rəsmiləşdirilir. Minimum əməkhaqqı artırıldıqda bu fərq aradan qalxa və gəlirlər daha şəffaf şəkildə rəsmiləşdiriləcək. Amma əməkhaqqıları tam şəffaf olmadığı üçün bəzi hallarda artım işçinin real gəlirinə birbaşa təsir etməyə də bilər.

    Bəzi işçilər üçün minimum əməkhaqqının artırılması vergi yükünü də çoxaldacaq. Məsələn, 600 manat gəlirin bir hissəsi qeyri-rəsmi ödənildikdə həmin məbləğdən vergi tutulmur, lakin tam rəsmiləşdirmə zamanı bütün məbləğ vergiyə cəlb olunur”.

    Xalid Kərimli hesab edir ki, minimum əməkhaqqının artırılması sosial rifaha müsbət təsir göstərsə də, bu proses ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.

    “Bu, yalnız dövlətin deyil, həm də özəl sektorun imkanlarından asılıdır. Özəl sektorun maliyyə imkanları məhduddur. Əgər minimum əməkhaqqı kəskin artırılarsa, bəzi şirkətlər işçiləri ixtisar edəcək. Minimum əməkhaqqının sürətli artımı inflyasiyaya da təsir göstərə bilər. Bu səbəbdən hökumət daha çox tədrici artım siyasətinə üstünlük verir”.

    Onun fikrincə, minimum əməkhaqqının orta maaşın 55–60 faizinə çatdırılması yalnız iqtisadi inkişaf fonunda mümkündür:

    “Qeyri-neft sektorunun genişlənməsi, ixracın artması və yeni iş yerlərinin yaradılması nəticəsində əmək bazarında işçi qüvvəsinə tələbat yüksələcək. Bu halda əməkhaqlarının təbii artımı baş verəcək ki, bu da daha dayanıqlı modeldir”.

    Beləliklə, ekspertin qənaətinə görə, minimum əməkhaqqının artırılması sosial rifahın yaxşılaşmasına töhfə versə də, bu addımın iqtisadi reallıqlara uyğun və mərhələli şəkildə atılması vacibdir.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.