Azərbaycanda daha bir yol ödənişli oldu

    Kateqoriya: Cəmiyyət Tarix: 1-06-2026, 15:53 Baxılıb: 2

     

    Tarif Şurası alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərini müəyyən edib.

    Xeberal.com xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

    Qurum xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafı, turizm potensialından istifadənin və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu tikilib.

    Nazirlər Kabinetinin 1 aprel 2026-cı il tarixli qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub. Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə gediş üçün ödəniş məbləğlərinin təsdiq edilməsi ilə bağlı Şuraya müraciət edilib və bu gün bu məsələyə baxılıb.

    Nəqliyyat vasitələrinin alternativ avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6.99 manat) müəyyən edilib. Kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə ödənişin məbləği 1 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8.62 manat) təşkil edəcək. Avtobuslar üzrə bu yolun 1 km-i üçün ödənişin məbləği 7,1 qəpik (bütün yol üçün 5.77 manat), qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələrinin ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 17.7 qəpik (bütün yol üçün 14.39 manat) müəyyənləşdirilib.

    Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ənənəvi yoldan 19.7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.

    İclasda həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə 4.65 qəpik, M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

    Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

    Qərar sabahdan qüvvəyə minəcək.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.