Şəmkirdə kommunal xaos: Günlərlə yığılmayan zibillər, üfunət iyi və sakinlərin narazılığı – FOTOFAKT

    Kateqoriya: Gündəm Tarix: 14-05-2026, 12:25 Baxılıb: 9

     

    Şəmkir rayonunda kommunal xidmət sahəsində yaşanan acınacaqlı vəziyyət artıq sakinlərin səbr kasasını daşırıb. Rayonun müxtəlif kənd və qəsəbələrindən Xeberal.com-a daxil olan foto faktlar onu göstərir ki, küçələrdə və yaşayış massivlərində zibil tullantıları günlərlə yığılmadan qalır, aidiyyəti qurum isə vəziyyətə seyirçi münasibət sərgiləyir.

    Söhbət Şəmkir Rayon Kommunal Müəssisələr Kombinatının fəaliyyətsizliyindən gedir. Qurumun rəisi Alışan Yusifovun rəhbərlik etdiyi sahədə yaranmış mənzərə, sözün həqiqi mənasında, biabırçı durum kimi qiymətləndirilir.

    Əvvəlcə daxil olan məlumatların şişirdildiyini düşündük. Lakin vətəndaşların göndərdiyi foto faktlar vəziyyətin deyiləndən də ağır olduğunu ortaya qoydu. Küçələrdə, həyətlərin qarşısında, yaşayış evlərinin yaxınlığında günlərlə qalaqlanıb qalan zibil tullantıları həm antisanitar vəziyyət yaradır, həm də insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.

    Sakinlərin sözlərinə görə, bəzi ərazilərdə zibil maşınları həftələrlə görünmür. Nəticədə tullantılar küçələrin ortasında qalaqlanır, sahibsiz heyvanlar zibilləri ətrafa dağıdır, isti havalarda isə əraziyə yaxınlaşmaq belə mümkün olmur.

    Ən narahatedici məqamlardan biri isə zibil poliqonunun yaşayış məntəqəsinə yaxın yerləşməsidir. Yay mövsümünün yaxınlaşması ilə vəziyyət daha da ağırlaşıb. Günəş altında çürüyən tullantılardan yayılan üfunət iyi sakinlərin gündəlik həyatını iflic vəziyyətinə salıb. İnsanlar pəncərə açmağa, həyətə çıxmağa çətinlik çəkdiklərini bildirirlər.

    Vətəndaşlar haqlı olaraq sual edir:
    Kommunal xidmət üçün ayrılan vəsaitlər hara xərclənir? Niyə rayonun müxtəlif ərazilərində bu qədər acınacaqlı vəziyyət hökm sürür? Aidiyyəti qurumlar niyə susur?

    Görünən odur ki, Şəmkirdə kommunal sahəyə cavabdeh olan şəxslər kabinet rahatlığından küçələrin real mənzərəsini görmür, yaxud görmək istəmir. Halbuki küçələrdə qalaqlanan hər bir zibil yığını birbaşa məsuliyyətsizliyin və nəzarətsizliyin göstəricisidir.

    Xeberal.com olaraq təqdim edilən foto faktları diqqətdə saxlayırıq və ümid edirik ki, aidiyyəti qurumlar məsələyə dərhal reaksiya verəcək. Çünki söhbət təkcə küçə təmizliyindən yox, insanların sağlamlığından və normal yaşayış hüququndan gedir.

     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.