Bakının Binəqədi rayonunun 1-ci Mədən ərazisində baş verənlər ciddi suallar doğurur və artıq sakinlərin narazılığı açıq şəkildə dilə gətirilir. Qanunvericiliyə görə çıxarışı (kupçası) və rəsmi sənədləri olmayan evlərə qaz və digər kommunal xətlərin çəkilməsi qadağandır. Lakin reallıq tamam fərqli mənzərəni göstərir.
İddialara görə, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev və Binəqədi rayon qaz istismar sahəsi ətrafında formalaşan sistem nəticəsində sənədsiz evlər qısa müddətdə qazlaşdırılır.
Mövcud qaydalara əsasən yeni tikililərə qaz xəttinin çəkilməsi üçün:
Torpağın qanuni sənədi
Tikilinin çıxarışı (kupça)
Müvafiq icazə sənədləri
olmalıdır.
Ancaq Binəqədinin 1-ci Mədən ərazisində tikilən evlərin böyük əksəriyyətinin – təxminən 80 faizinin – rəsmi sənədi yoxdur. Buna baxmayaraq, həmin evlərə qaz xətti çəkilməsi ilə bağlı heç bir problem yaşanmır.
Ərazidə evlərin əhəmiyyətli hissəsini maklerlər tikib satışa çıxarır. Sakinlərin sözlərinə görə, ev alanlara açıq şəkildə deyilir ki, sənəd məsələsi olmasa belə qaz problemi qısa müddətdə “həll ediləcək”.
Bu isə daha ciddi iddialara yol açır.
Sakinlərin iddiasına görə, bəzi hallarda 2000–2500 manat civarında qeyri-rəsmi ödənişlər qarşılığında sənədsiz evlərə qaz xəttinin çəkilməsi təmin olunur.
Əgər bu iddialar doğru deyilsə, o zaman ortaya başqa sual çıxır:
Kupçası və rəsmi sənədi olmayan evlər hansı hüquqi əsasla qazlaşdırılır?
Əgər dövlət qərarı var və sənədsiz tikililərə qaz verilməsi qadağandırsa, onda:
Binəqədinin 1-ci Mədən ərazisində bu qadağa niyə tətbiq olunmur?
Qaz xətti çəkilməsi üçün hansı sənədlər təqdim edilir?
Bu prosesə kim nəzarət edir?
Çünki görünən odur ki, qanun bir tərəfdə qalır, reallıq isə tam başqa istiqamətdə gedir.
Məsələ ilə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, həmçinin aidiyyəti nəzarət qurumlarının ciddi araşdırma aparması vacibdir. Söhbət təkcə bir neçə qaz xəttindən getmir – söhbət qanunun aliliyindən və vətəndaşların bərabər hüquqlarından gedir.
Əgər iddialar doğru deyilsə, rəsmi qurumlar bunu açıq şəkildə izah etməlidir.
Əgər doğrudursa, o zaman qanunu pozan şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Binəqədidə insanların verdiyi sual isə hələ də cavabsız qalır:
Kupçası olmayan evlər hansı “görünməyən sənədlə” qazlaşdırılır?
10-03-2026, 10:17
21-01-2025, 13:17
1-01-2025, 17:37
17-12-2024, 10:42
15-12-2024, 12:11
15-12-2024, 12:14
19-12-2024, 10:41